Bank Of Baku

Azərbaycanın istehlak bazarında daha bir mənşəyi bəlli olmayan su aşkarlanıb

Azərbaycanın istehlak bazarında daha bir mənşəyi bəlli olmayan su aşkarlanıb
# 14 sentyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı «Aysu Qida Sənaye LTD» MMC tərəfindən istehsal edilən limonadların və qazlı suların etiketlərində onların eyni normativ sənədə əsasən istehsal olunmasının göstərildiyi müəyyən edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar istehlakçıların çaşdırılmasının və digər haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə Abşeron rayonunda «Aysu» əmtəə nişanlı mineral su və sərinləşdirici içkilərin istehsalını həyata keçirən «Aysu Qida Sənaye Ltd.» MMC-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən araşdırma aparılıb.

Araşdırmanın ilkin nəticələrinə əsasən, müəssisənin su və alkoqolsuz sərinləşdirici içkilərin istehsalı üçün uyğunluq sertifikatlarının qüvvədə olma müddətinin bitdiyi, məhsul istehsalı üçün xammal kimi istifadə olunan suyun mənşəyinin bəlli olmadığı, xammalın və hazır məhsulun laborator müayinələrinin aparılmadığı, hazır məhsulların qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatı olmayan qəlib və qapaqlardan istifadə edildiyi, markalanma zamanı normativ texniki sənədlərin tələblərinin pozulduğu, «Qarağat», «Şaftalı», «Portağal», «Albalı» və qarışıq meyvəli sərinləşdirici içkilərin saxlama müddətinin texniki şərtlərdə 180 gün olmasına baxmayaraq, hazır məhsulun üzərində 1 il göstərildiyi və məhsulun istehlak xassələri barədə digər düzgün olmayan məlumatların verilməsi kimi pozuntular aşkarlanıb.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar «Aysu Qida Sənaye LTD» MMC-yə bu məhsulların istehsalının və satışının dayandırılması barədə Antiinhisar Dövlət Xidməti tərəfindən göstəriş verilib. Hazırda bu malların ticarət şəbəkəsində satışdan çıxarılması ilə bağlı əlavə tədbirlər görülür.

Araşdırma zamanı həmçinin müəssisəyə məxsus su çənindən, istehsal sexində qablaşdırmaya hazır sudan və müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülərək, müayinə üçün laboratoriyaya təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR