Bank Of Baku

Azərbaycanda taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin tikintisinə başlanıb

Azərbaycanda taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin tikintisinə başlanıb
# 30 sentyabr 2009 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Horadizdə sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə həmçinin, sahibkarlar üçün «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirilib. Belə ki, 250-dən çox sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə həmçinin, regionda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların idxalı əvəzetmə imkanları, məhsulların satışı və xidmətlərin sahəsinin daha da genişləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafı istiqamətində faydalı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 70%-dək hissəsi Fondun güzəştli kreditləri hesabına olmaqla, regionlarda 15 soyuducu anbar kompleksinin, taxıl məhsullarının təmizlənməsi və saxlanılması üçün isə hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən 21 anbar kompleksinin yaradılması nəzərdə tutulur.

Bundan başqa, tədbir iştirakçıları Beyləqan rayonunun Daşburun qəsəbəsində SKMF-dən güzəştli kredit almış «Beyləqan Taxıl» ASC-nin 10 min ton tutumu olan taxıl məhsullarının təmizlənməsi və saxlanması üzrə müasir anbar kompleksinin tikintisi ilə tanış olub.

Qeyd edək ki, hər birinin tutumu 10 min ton olacaq müasir standartlara cavab verən 20 dənə taxıl anbar kompleksi Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonlarında yaradılacaq. Layihənin ümumi dəyəri 38,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR