Bank Of Baku

Çəkisi 1,2 ton olan quru süd, qarğıdalı çubuğu, günəbaxan tumları və s. ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Çəkisi 1,2 ton olan quru süd, qarğıdalı çubuğu, günəbaxan tumları və s. ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 02 oktyabr 2009 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı bir sıra ticarət obyektlərində üzərində istehsal tarixi və saxlama müddəti göstərilməyən uduşlu-hədiyyəli qarğıdalı çubuqlarının satıldığı müəyyən edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar, istehlakçıların çaşdırılmasının və digər haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Bakının Nərimanov rayonunda Asəf Həsənova məxsus sexdə aparılmış yoxlama zamanı üzərində istehsal tarixi 2009-cu ilin may ayı, saxlama müddəti 8 ay olan kisələrdə qablaşdırılmış quru südün sexdə 200 qramlıq qutulara qablaşdırılaraq, üzərində saxlama müddətinin qablaşdırmanın aparıldığı tarixdən 12 ay göstərildiyi müəyyən edilib. Bundan başqa, sexdə aparılmış yoxlama zamanı antisanitariya şəraitində müxtəlif ərzaq mallarının, o cümlədən un, qənd, yarma, qarabaşaq və s. qablaşdırıldığı, sexdə istehsal olunan qarğıdalı çubuqlarının üzərində istehsalçının, istehsal tarixinin və saxlama müddətinin göstərilmədiyi, həmçinin sexin anbarlarında mal qonşuluğu qaydalarına əməl olunmadığı aşkar edilib.

Araşdırma nəticəsində saxlama müddəti ötmüş və qablaşdırılmasında nöqsanlara yol verilmiş ümumi çəkisi 1,2 ton olan ərzaq məhsulları - quru süd, qarğıdalı çubuğu, sular, yarma, qarabaşaq, günəbaxan tumları və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Aşkar edilmiş qanun pozuntuları aradan qaldırılanadək qanunvericiliyə uyğun olaraq, bu malların qablaşdırılmasının, istehsalının və satışının dayandırılması barədə Antiinhisar Dövlət Xidməti tərəfindən sexin sahibi Asəf Həsənova göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR