Bank Of Baku

Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası İdarə Heyətinin iclası keçirilir

Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası İdarə Heyətinin iclası keçirilir
# 19 oktyabr 2009 09:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Biznes Şurası İdarə Heyətinin 38-ci iclası işə başlayıb. «APA-Economics»in bildirdiyinə görə, iclasda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, QDİƏT, Daimi Beynəlxalq Katiblik (PERMİS), QDİƏT Parlament Assambleyası (PABSEC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndələri (İCBSS) iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Biznes Şurasının sədri Məmməd Musayev may ayından təşkilata Azərbaycanın sədrlik etdiyini və bu müddətdə bir sıra işlərin həyata keçirildiyini qeyd edib. QDİƏT-in üzv ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac duyulduğunu deyən M.Musayev bu sahədə məlumatlandırma işinin qurulmasını vacib sayıb.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə QDİƏT-i imkanlarına görə ən güclü regional təşkilatlardan biri kimi xarakterizə edib. Komitə sədri onu da vurğulayıb ki, Azərbaycanda bəzi qanunvericilik aktlarının hazırlanmasında QDİƏT-in üzv dövlətlərin təcrübəsindən istifadə olunur. Bu da milli qanunvericiliklərin uzlaşdırılması baxımından önəmlidir.

Nazirlər Kabineti maliyyə və kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov isə bildirib ki, dünyada davam etməkdə olan maliyyə böhranı hökumətin qarşısına yeni vəzifələr qoyur. Maliyyə böhranının Azərbaycana ciddi təsir göstərmədiyini vurğulayan Nazirlər Kabineti rəsmisi QDİƏT Biznes Şurasını bölgədə gedən iqtisadi və siyasi proseslərdə fəal olmağa çağırıb.

«Bizim məqsədimiz QDİƏT ölkələri arasında iqtisadi əlaqələri genişləndirmək və bu sahədə tövsiyələrimizi verməkdən ibarətdir. Azərbaycan olaraq biz çalışırıq ki, digər ölkələrdə olan imkanlardan yararlanaq, qabaqcıl təcrübəni Azərbaycana gətirək», - deyə M.Musayev vurğulayıb.

M.Musayevin sözlərinə görə, bu günə qədər BSTDB bankından Azərbaycanın 5 maliyyə qurumu vəsait alıb.

M.Musayev onu da vurğulayıb ki, tədbir çərçivəsində gün ərzində QDİƏT-in Biznes Şurasının gələcək rolu ətrafında fikir mübadiləsi, xüsusilə QDİƏT-in biznes fəaliyyətinin artırılması, birgə fəaliyyətin təşkili, digər regional biznes əməkdaşlıq layihələrində təcrübənin öyrənilməsi, həmçinin Qara dəniz regionunda fəaliyyət göstərən sahibkarların ehtiyacları və təklifləri istiqamətində açıq dialoqun keçirilməsi nəzərdə tutulur.

Tədbirin yekununda Biznes Şurasına noyabrın 1-dən sədrliyin rotasiya əsasında Bolqarıstana verilməsi barədə qərarın qəbul olunacağı gözlənilir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası öz ətrafında Qara dəniz regionuna daxil olan 12 dövlətin biznes strukturlarını birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR