Bank Of Baku

Azərbaycana keyfiyyətsiz qaz sobaları əsasən İrandan gətirilir

Azərbaycana keyfiyyətsiz qaz sobaları əsasən İrandan gətirilir
# 12 noyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycana keyfiyyətsiz və sertifikatsız qaz sobaları əsasən İrandan gətirilir. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin maşınqayırma məhsullarının keyfiyyətinə dövlət nəzarəti sektorunun müdiri Mahir Yusubov bildirib.

M.Yusubovun sözlərinə görə, ötən həftədən Komitə ticarət obyektlərində monitorinqlərə başlayıb. Sertifikatı olmayan qaz sobalarının satışını həyata keçirən ticarət obyektlərinə tələbnamələr verilib.

M.Yusubov bildirib ki, bəzi ticarət obyektləri monitorinqin keçirildiyi ərəfədə sertifikatsız sobaları yığışdırır, lakin sonradan yenidən satışa çıxarır.

Komitə rəsmisi vətəndaşları qaz sobaları alarkən ehtiyatlı olmağa və məhsulun sertifikatını tələb etməyə çağırıb. M.Yusubovun sözlərinə görə, Dövlət Komitəsi satılan məhsula sertifikat verərkən təhlükəsizlik şərtlərini əsas götürür. Sertifikatsız sobalar ya qaçaqmal, ya da digər yollarla ölkəyə gətirilir, onların üzərində Azərbaycan dilində yazılmış göstəriciləri, təhlükəsizlik şərtləri olmur.

Qeyd edək ki, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Polşanın «Termet», Çexiyanın «Moro-top», Türkiyənin «Bayvak», «Kuturami», İtaliyanın «Roka» nişanlı avadanlıqlarına, İranın «Jahan Afrooz», «Qaynar Xəzər» və «Şoreh-Tos» nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR