Bank Of Baku

Bakıda «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib

Bakıda «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib
# 18 noyabr 2009 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə dəstək Layihəsi»nin birgə təşkilatçılığı ilə «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev qeyd edib ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına (GSP+) qoşulub: «Bu proqramın tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir». Azərbaycanın ixrac potensialı və ümumiyyətlə iqtisadi inkişafından danışan S.Vəliyev bildirib ki, cari ilin son 10 ayı ərzində ölkədə ÜDM-in artım tempi 8,3% təşkil edib, kənd təsərrüfatı sahəsi isə ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb, bu da qeyri-neft sektorunun ixracının artırılması hesabına baş verib.

Bundan başqa, S.Vəliyev qeyd edib ki, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün, həmçinin ixrac-idxal sahəsində yaranan problemlərin aradan qaldırılmasına dair bir sıra tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən «İqtisadi İnkişaf Nazirliyinə dəstək Layihəsi»nin rəhbəri xanım Reyçl Makqovan layihə barədə ətraflı məlumat verib və bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olmaq və ölkənin ixrac potensialını artırmaqdır: «Bu proqram vasitəsilə Azərbaycan sahibkarları məhsullarını Avropa İttifaqı ölkələrinə aşağı faiz dərəcələri ilə, həmçinin 0% dərəcəsi ilə ixrac etmək imkanı əldə edə biləcək».

Qeyd edək ki, tədbirdə Azərbaycan sahibkarları ilə yanaşı ölkənin İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Sənaye və Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümaynədələri də iştirak edib.

Xatırladaq ki, Azərbaycanın «GSP+» proqramına daxil edilməsi Azərbaycan üçün 7 200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR