Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib
# 19 noyabr 2009 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fransanın «Derichebourg Environnment» şirkətinin direktoru xanım Paskal Janin Perezin başçılıq etdiyi nümayəndə heyətinə bank, tikinti, səhiyyə, enerji, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən 20-ə yaxın fransız şirkəti daxil olub.

Görüşdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurlar barədə məlumat verib və qeyd edib ki, 2009-cu ilin yanvar-oktyabr ayları ərzində ölkədə ÜDM 8,3%, sənaye istehsalı 7,4%, kənd təsərrüfatı 3,6%, əhalinin gəlirləri 6,4% artıb, strateji valyuta ehtiyatları isə 19,1 mlrd. ABŞ dollarına çatıb.

Hazırda Azərbaycanda müxtəlif sahələrdə Fransa kapitalı olan 45 şirkət fəaliyyət göstərdiyini bildirən Ş.Mustafayev həmçinin qeyd edib ki, indiyədək Azərbaycan və Fransa arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb. Bununla belə, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə kənd təsərrüfatı, sənaye, turizm, infrastruktur və digər sahələrdə ciddi sərmayələrə əsaslanan biznes layihələrinin həyata keçirilməsi üçün potensial imkanlar mövcuddur. Nazir fransalı iş adamlarını Azərbaycanın biznes imkanları ilə daha yaxından tanış olmağa və xarici investorlar üçün yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Öz növbəsində P.J.Perez MEDEF-in müxtəlif sahələrdə fəaliyyət göstərən Fransa şirkətlərini birləşdirdiyini və onların fəaliyyətini beynəlxalq səviyyədə təşkil etdiyini bildirib, Fransa şirkətlərindən ibarət geniş tərkibdə nümayəndə heyətinin Bakıya səfərinin ölkəsində Azərbaycan iqtisadiyyatına göstərilən böyük marağın ifadəsi olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR