Bank Of Baku

Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelov: “Azərbaycanla mövcud əməkdaşlığı möhkəmləndirmək istəyirik”

Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelov: “Azərbaycanla mövcud əməkdaşlığı möhkəmləndirmək istəyirik”
# 15 dekabr 2009 15:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və bu ölkənin Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrinlə görüşüb. APA-nın məlumatına görə, K. Markelov deyib ki, Cənub Federal Dairənin digər regionları kimi Həştərxan vilayəti də prezident Dmitri Medvedyevdən Rusiya ilə Azərbaycan arasında sosial sferada (təhsil, mədəniyyət, elm, tibb) əməkdaşlıq proqramı konsepsiyasını hazırlamaq tapşırığı alıb. Onun sözlərinə görə, yanvarın 20-nə kimi həmin sənəd geniş proqramın hazırlanması üçün Rusiya hökumətinə təqdim olunmalıdır: «Biz yeni müqavilələrə bağlamaq, idarələr arası əməkdaşlıq qurmaq, mövcud əməkdaşlığı möhkəmləndirmək istəyirik. Söhbət ilk öncə Bakı ilə Olya limanları arasında nəqliyyat əlaqəsinin inkişafı ilə bağlı birgə iqtisadi layihələrdən, Xəzərdə karbohidrogen yataqlarının mənimsənilməsi üçün Həştərxan tərsanələrində yardımçı donanmanın inşasından, yaradıcı kollektivlərin mübadiləsi gedir”.

Onun fikrincə, Azərbaycanla əməkdaşlığın möhkəmlənməsində vilayətdə yaşayan Azərbaycan diasporunun böyük rolu var: “Hazırda Həştərxan vilayətdə 8 min azərbaycanlı yaşayır, onlar vilayətin iqtisadi və mədəni həyatında aktiv iştirak edir. Nümayəndə heyətinin tərkibində Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan vilayət şöbəsinin rəhbəri Ədalət Hüseynovun və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsinin rəhbəri İrina Əliyevanın iştirakı təsadüfi deyil”.

Səfir Vladimir Doroxin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşündən çox məmnun olduğunu deyib. O bildirib ki, Həştərxan onun vətənidir, o orada doğulub və boya başa çatıb: “Mənim əsas vəzifəm Azərbaycanla ən yaxşı münasibətlər qurmaqdır. Bizim ölkələr qədim əlaqələrə malikdir, bu münasibətlər hökumətlər arasında qəbul olunmuş çoxsaylı razılaşmalarla möhkəmlənib. Bu əlaqələri inkişaf etdirmək üçün Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirmək lazımdır. Buna görə də biz sizə hərtərəfli yardım edəcəyik”.

Qeyd edək ki, nümayəndə heyətinə regional hökuməti üzvləri, işgüzar dairələrin nümayəndələri daxildir. Səfər zamanı nümayəndə heyəti İqtisadi İnkişaf, Nəqliyyat, Sənaye və Enerji, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirliklərində, Dövlət Xəzər Dəniz Gəmiçiliyində görüşlər keçirəcəklər. Nümayəndə heyətini baş nazir Artur Rəsizadə qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR