Bank Of Baku

Bakıda Azərbaycan-Britaniya-İsrail müştərək müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb

Bakıda Azərbaycan-Britaniya-İsrail müştərək müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb
# 21 yanvar 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Böyük Britaniyanın Virciniya adalarının «Marcin International» və İsrailin «MYBA Agro Projects» şirkətləri arasında Xaçmaz rayonunda istixanalar, şitillik, soyuducu anbar, çeşidləmə və qablaşdırma sexinin qurulması layihəsinin həyata keçirilməsi üçün «AzAgroExport» müştərək müəssisəsinin təsis edilməsinə dair müqavilənin imzalanma mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən AİŞ-in icraçı direktoru Əfqan İsayev qeyd edib ki, layihə çərçivəsində Xaçmaz-Xudat avtomagistralının 400-500 metr aralığında 24 hektar ərazi ayrılıb ki, həmin ərazidə müxtəlif növ məhsullar istehsal olunacaq: «Məhsulların 80%-i ixraca, 20%-i isə yerli tələbatın ödənilməsinə yönəldiləcək. Müəssisənin yaradılması nəticəsində 200-dən artıq daimi iş yerinin açılması gözlənilir».

Ə.İsayev onu da qeyd edib ki, müəssisənin yaradılması, infrastrukturun hazırlanması və digər məsəllər 18 ay müddətinə başa çatacaq.

Layihənin ümumi dəyəri 29,5 mln. ABŞ dolları olduğunu bildirən AİŞ rəsmisi onu da qeyd edib ki, layihə əsasən, yaradılacaq kompleksə istixanalarla yanaşı, şitillik, çeşidləmə və qablaşdırma sexi, soyuducu anbar və inzibati bina daxildir: «AİŞ və «Marcin İnternational» şirkətinin hər birinin layihədə iştirak payı müvafiq olaraq 36,5%, «MYBA Agro Projects» şirkətinin payı isə 27% təşkil edir. Layihənin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatına 18,8 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb olunacaq. AİŞ-in layihədə investisiya qoyuluşu isə 10,7 mln. dollar təşkil edəcək».

Daha sonra müvafiq sənədin imzalanması keçirilib ki, sənədi AİŞ tərəfindən Ə.İsayev, «Marcin İnternational» şirkətinin səlahiyyətli nümayəndəsi İbrahim Xəlili, «MYBA Agro Projects» tərəfindən isə şirkətin direktoru Robert Abramov imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR