Bank Of Baku

Şəkidə GSP+ Proqramı ilə bağlı seminar keçirilib

Şəkidə GSP+ Proqramı ilə bağlı seminar keçirilib
# 10 fevral 2010 15:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Şəkidə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramı (GSP+) çərçivəsində seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsinin, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri və sahibkarlar iştirak edib.

Seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda əlverişli biznes mühitinin formalaşdığını, sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyini, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə GSP+ proqramı ilə bağlı ətraflı məlumat verib, proqramın Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və dünya iqtisadiyyatına inteqrasiya baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Sonra Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi»nin mütəxəssisləri GSP+ proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb, mənşə sertifikatının verilməsi, GSP+ sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimat keçirib.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən Azərbaycan GSP+ sisteminə qoşulub. Azərbaycanın bu proqrama daxil edilməsi Azərbaycan üçün təqribən 7 200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da ölkənin ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir.

Azərbaycanda ixracın artırılması məqsədilə GSP+ proqramından daha geniş istifadə olunması üçün GSP+ proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasına dair ötən il ərzində Bakıda və ölkənin müxtəlif regionlarında «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminarlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR