Bank Of Baku

Bakıda saxlama müddəti saxtalaşdırılan qənnadı məmulatlarının istehsalı və satışı dayandırılıb

Bakıda saxlama müddəti saxtalaşdırılan qənnadı məmulatlarının istehsalı və satışı dayandırılıb
# 19 fevral 2010 16:34 (UTC +04:00)
Bakı-APA. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı “Bolluq” əmtəə nişanlı “Royal Celli” konfetlərinin qablaşdırıldığı 1 kiloqramlıq sellofan torbaların üzərində saxlama müddətinin 12 ay, həmin məhsulların yığıldığı 4 kiloqramlıq kağız qutuların üzərində isə 6 ay göstərildiyi aşkar edilib. Bu barədə APA-ya İİN-in mətbuat xidmətindən bildirilib. Bununla əlaqədar Dövlət Xidməti bu konfetlərin istehsal edildiyi Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsi, 5 ünvanında yerləşən sexdə yoxlama aparıb.

Yoxlama zamanı həmin ünvanda fiziki şəxs Ağasəf İsgəndərova məxsus qənnadı məmulatlarının istehsalı sexində istehsal edilən marmelad və karamelin etiketlənməsi zamanı haqsız rəqabət və istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Normativ-texniki sənədlərin tələblərinə əsasən, marmeladın saxlama müddəti 3 ay, karamelin saxlama müddəti isə 6 aydır. Lakin sexdə istehsal edilmiş “Royal meyvəli” və “Royal jele” marmeladlarının üzərində saxlama müddəti 6 ay, “Bon-Bon”, “Bol-top” və “Meyvəli Bon-Bon” karamellərinin üzərində isə saxlama müddəti 12 ay göstərilib, bununla da bu malların saxlama müddəti saxtalaşdırılaraq 2 dəfə artırılıb.
Bundan başqa, sexdə istehsal olunan “Ağ şəkər” əmtəə nişanlı noğulun, habelə məhsulların qablaşdırılması üçün istifadə edilən bükmə və qablaşdırma materiallarının uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsindən geri qaytarılması barədə sahibkar Ağasəf İsgəndərova icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara qənnadı məmulatları alarkən ehtiyatlı olmağı tövsiyə edib, “Bolluq” əmtəə nişanlı “Bon-Bon”, “Bol-top” və “Meyvəli Bon-Bon” karamellərini, “Royal meyvəli” və “Royal jele” marmeradlarını, “Ağ şəkər” noğullarını almaqdan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR