Bank Of Baku

Şəmkirdə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti seminar keçirilib

Şəmkirdə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti seminar keçirilib
# 24 fevral 2010 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsi istiqamətində Şəmkirdə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti seminar keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 400-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxış edərək, sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirib, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının rolu barədə tədbir iştirakçılarına məlumat verib.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev isə Fondun 2009-cu ildəki fəaliyyəti və bu il güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə tədbir iştirakçılarına geniş məlumat verib və bildirib ki, SKMF tərəfindən «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq, yanvar ayında uşaq qidası istehsalının təşkili, südlük istiqamətli heyvandarlıq komplekslərinin, həmçinin kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb: «Yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır. Həyata keçiriləcək layihələr regionların inkişafı, iş yerlərinin açılması, ixracyönümlü məhsul istehsalı baxımından əhəmiyyətlidir».

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir, Samux, Göygöl, Qazax, Tovuz, Ağstafa, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında fəaliyyət göstərən 57 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib ki, bu vəsaitlər hesabına 110-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR