Bank Of Baku

Biləsuvarda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Biləsuvarda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 11 mart 2010 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvarda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxış edərək, Dövlət Proqramının uğurlu icrasında sahibkarların rolunu qeyd edib, regionların gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Öz növbəsində SKMF-nin icraçı direktoru Şirzad Abdullayev 2010-cu ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə tədbir iştirakçılarına geniş məlumat verib və qeyd edib ki, Fond tərəfindən «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq yanvar ayından uşaq qidası istehsalının təşkili, südlük istiqamətli heyvandarlıq komplekslərinin, həmçinin kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb.

Tədbir çərçivəsində SKMF-nin güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Fonda təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR