Bank Of Baku

TÜSİAB üzvü olan şirkətlər Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollar sərmayə qoyub

TÜSİAB üzvü olan şirkətlər Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollar sərmayə qoyub
# 16 aprel 2010 14:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Türk Sənayeçi və İş Adamları Beynəlxalq Birliyi (TÜSİAB) üzvü olan Türkiyə kapitallı şirkətlər 1994-ci ildən bu günədək Azərbaycan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları investisiya yatırıb.

«APA-Economics»in məlumatına görə, bunu TÜSİAB-ın İdarə Heyətinin sədri Yavuz Keleş bildirib.

Y.Keleş qeyd edib ki, əsas məqsədi Azərbaycanın iqtisadi inkişafına yönəlmiş TÜSİAB Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin gücləndirilməsində mühüm rol oynayır: «Ölkələr arasındakı iqtisadi əlaqələrin bugünkü səviyyəsindən məmnunuq. Əlaqələrimiz daha da yaxşılaşır. Ən önəmli məsələ investorları istehsalata cəlb etməkdir».

Y.Keleş hazırda TÜSİAB-da Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan 500-ə yaxın türkiyəli iş adamının təmsil olunduğunu, bu iş adamlarının rəhbərlik etdiyi şirkətlərdə ümumilikdə 60 minə yaxın azərbaycanlının işlə təmin olunduğunu vurğulayıb.

TÜSİAB rəhbəri ötən il dünyada baş vermiş maliyyə böhranının Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının fəaliyyətinə qismən də olsa, təsir göstərdiyini qeyd edib: «Qlobal böhranın ən az təsir göstərdiyi ölkələrdən biri də Azərbaycandır. Böhran nəticəsində bağlanan şirkətlər olsa da, bu çox az oldu».

Qeyd edək ki, TÜSİAB-ın ötən həftə keçirilən iclasında Y.Keleş ikinci dəfə təşkilatın sədri seçilib. Ötən həftənin sonunda seçilmiş TÜSİAB-ın yeni İdarə Heyətinin üzvləri bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edib. Daha sonra TÜSİAB heyəti Türkiyənin Azərbaycandakı səfirliyində olub. İş adamlarının bu gün Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyində də görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR