Bank Of Baku

Ukrayna-Azərbaycan ticarət dövriyyəsinin ilin sonunadək 1,5 mlrd. dollara çatdırılacağı gözlənilir

Ukrayna-Azərbaycan ticarət dövriyyəsinin ilin sonunadək 1,5 mlrd. dollara çatdırılacağı gözlənilir
# 25 may 2010 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Ukrayna Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsini 1,5 mlrd. ABŞ dollarına çatdırmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunu Ukarynanın Azərbaycandakı səfirliyinin iqtisadi-ticarət missiyasının rəhbəri Miroslav Blaşşuk bildirib.

Onun sözlərinə görə, Azərbaycan statistikasına əsasən, 2010-cu ilin I rübündə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 52% artaraq 240 mln. dollar təşkil edib: «Hesabat dövründə Azərbaycan Ukraynaya ixrac olunan mal və məhsulların həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıraraq 153 mln. dollara çatdırıb ki, ixrac əsasən xam neft və neft məhsullarından ibarət olub. Ukraynadan isə Azərbaycana gələn məhsulların həcmi yanvar-mart ayları ərzində 22% azalaraq 87 mln. dollar təşkil edib. Buna baxmayaraq, biz Azərbaycana mal və məhsul ixrac edən ölkələr sırasında dördüncü yeri tuturuq. Ukraynanı bu siyahıda yalnız Rusiya, Çin və Türkiyə qabaqlayır».

M.Blaşşuk onu da qeyd edib ki, hesabat dövründə Ukraynadan Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları və avadanlıqlar, qara və əlvan metallar, sənaye avadanlıqları, helikopterlər, əczaçılıq məhsulları, tütün və s. idxal olunur.

«Ukrayna statistikasına görə, 2010-cu ilin I rübündə iki ölkə arasında ticarət dövriyyəsi 403 mln. dollar təşkil edib ki, bunun 134 mln. dolları Ukraynadan Azərbaycana, 269 mln. dolları isə Azərbaycandan Ukraynaya ixrac olunan mal və məhsulların payına düşür. Ümumiyyətlə, iki ölkə arasında mövcud potensialı nəzərə alsaq, bu ilin sonuna ticarət dövriyyəsinin 1,5 mlrd. dollara çatacağını proqnozlaşdırmaq olar», - deyə M.Blaşşuk bildirib.

Səfirliyin nümayəndəsi bildirib ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ukraynada aktiv fəaliyyət göstərir. Belə ki, ARDNŞ bir sıra yanacaqdoldurma stansiyası inşa edir, neft ambarını icarəyə götürüb: «Hazırda Azərbaycanla Ukrayna arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinə dair danışıqlar aparılır ki, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artmasına əlavə təkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR