Bank Of Baku

Bakıda «Azərbaycanda sahibkarlığın inkişafı və biznes tədrisinin təkmilləşdirilməsi» mövzusunda tədbir keçirilib

Bakıda «Azərbaycanda sahibkarlığın inkişafı və biznes tədrisinin təkmilləşdirilməsi» mövzusunda tədbir keçirilib
# 10 iyun 2010 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Azərbaycanda sahibkarlığın inkişafı və biznes tədrisinin təkmilləşdirilməsi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları və Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, iqtisadiyyatın diversifikasiyasına və qeyri-neft sahələrinin inkişafına yönəlmiş dövlət proqramlarının icrası, eləcə də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində son illərdə iqtisadiyyatın bütün sahələrinin davamlı və dinamik inkişafı təmin edilib: «Ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, 2010-cu ilin birinci rübündə ÜDM 5,4%, onun adambaşına düşən həcmi 4,2%, qeyri-neft sektoru 4,3% artıb».

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda sahibkarlığın inkişafının əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat veriblər.

Nazirliyin Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Xəzər Bəşirov isə potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının (GSP+) əhəmiyyətini qeyd edib və proqram barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR