Bank Of Baku

Şirvanda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Şirvanda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 30 iyun 2010 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Şirvanda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini vurğulayıblar.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi, Aran iqtisadi rayonu, o cümlədən Şirvan şəhəri üzrə iqtisadiyyatın prioritet istiqamətləri barədə məlumat verib və qeyd edib ki, Fond tərəfindən 2010-cu il ərzində respublikanın 8 iqtisadi rayonu (27 inzibati rayon və şəhər) üzrə prioritet hesab olunan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün investisiya təkliflərinin qəbulu davam edir. Həyata keçiriləcək layihələr regionların inkişafında əhəmiyyətli olacaq. Ş.Abdullayev keçirilən tədbirin Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş rayonlarda fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi daşıdığını da vurğulayıb.

Tədbir çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq də keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, güzəştli kreditlərin alınması proseduru və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair materiallar təqdim edilib.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Şirvan şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 550 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR