Bank Of Baku

Bu il Azərbaycanda 560 sahibkarlıq subyektinə 48 mln. manatdan artıq güzəştli kredit verilib

Bu il Azərbaycanda 560 sahibkarlıq subyektinə 48 mln. manatdan artıq güzəştli kredit verilib
# 14 iyul 2010 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 mln. manat güzəştli kredit verilib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, cari ilin altı ayında qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, onun rəqabət qabiliyyətinin qorunması siyasəti davam etdirilib və bu istiqamətdə hökumət tərəfindən təsirli tədbirlər görülüb: «Hesabat dövründə SKMF-ın vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 mln. manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 mln. manat güzəştli kredit verilib ki, bunun da 74%-i aqrar infrastruktur sahələrinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21%-i sənaye məhsullarının istehsalı və emalına, 5%-i isə turizm infrastrukturunun inkişafına yönəldilib».

S.Şərifov onu da qeyd edib ki, hesabat dövründə dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 mln. manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün «Aqrolizinq» ASC-yə 23,5 mln. manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 mln. manat həcmində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR