Bank Of Baku

Saatlıda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Saatlıda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 24 sentyabr 2010 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Saatlı rayonunda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Saatlı rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək, hazırda ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov isə sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulayıb, sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nurəddin Eynullayev «Biznesdə risklərin idarə edilməsi» və «Biznesin sığortalanması» mövzularında məruzələrlə çıxış edib və təqdimatlar keçirib. Sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı «Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər» məlumat kitabçası və digər metodiki vəsaitlər də paylanıb.

Qeyd edək ki, Bakı Biznes Tədris Mərkəzi «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda analoji tədbiri Sabirabad, İmişli və Salyan rayonlarında da keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR