Bank Of Baku

Almaniyada təcrübə keçmiş 16 gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliyinin qiymətləndirilməsinə dair seminar keçirilir

Almaniyada təcrübə keçmiş 16 gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliyinin qiymətləndirilməsinə dair seminar keçirilir
# 28 sentyabr 2010 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 2009-cu ildə Almaniyada təcrübə keçmiş 16 nəfər gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliyinin qiymətləndirilməsinə dair iki günlük seminar işə başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, ötən ildə “Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində “Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nın icrası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Mərkəzinə və Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyinin «InWent» təşkilatına həvalə edilib. Sənədə əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların proqram çərçivəsində Almaniyada tədris və təcrübə keçməsi nəzərdə tutulub.

Z.Qasımov bu proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində Almaniyanın qabaqcıl şirkətlərində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi, Almaniya-Azərbaycan iqtisadi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov və Almaniyanın «InWent» təşkilatının eksperti Vladislav Belov çıxışlarında sözügedən Proqram və ixtisasartırma kursunun uğurlu nəticəsi barədə məlumat veriblər. A.Fərruxov qeyd edib ki, 16 gənc menecer ötən ilin oktyabr-noyabr aylarında Almaniyanın «Baden Vürttenberq» Tədris Mərkəzində, 20 nəfər gənc menecer isə bu ilin iyun-iyul aylarında Almaniyanın «Karl Duysberq» Tədris Mərkəzində tədris, Berlin və Bonn şəhərlərində təcrübə keçib: «Gələn il ərzində daha 3 qrup gənc menecer Almaniyaya göndəriləcək».

Qeyd edək ki, analoji Proqram Rusiya, Ukrayna, Belarus, Moldova, Çin, Hindistan kimi 30 ölkədə icra olunur. Proqram iştirakçılarına təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri Almaniya tərəfindən ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR