Bank Of Baku

Mingəçevirdə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib
# 19 oktyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Mingəçevirdə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Z.İsayev qeyd edib ki, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir. Belə ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1 284 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu ərzaq məhsullarının 267 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 586,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 256,9 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 142,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir: «Bu dövrdə 368,3 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 87,9 tonu məhv edilib, 220,6 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 59,8 tonu ilə bağlı araşdırmalar aparılır».

Z.İsayevin sözlərinə görə, hesabat dövründə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 278 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 1 834,1 min manat məbləğində cərimə edilib.

Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğunluğunu, istehlakçıların hüquqlarının qorunmasında sahibkarların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulamış, istehlak bazarındakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət orqanları, sahibkarlar və istehlakçıların birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzularında məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR