Bank Of Baku

Bu il Azərbaycanda 1,3 min ton yararsız ərzaq məhsulları satışdan çıxarılıb

Bu il Azərbaycanda 1,3 min ton yararsız ərzaq məhsulları satışdan çıxarılıb
# 28 oktyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Şirvanda «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, hazırda Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Z.İsayev onu da qeyd edib ki, əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara və xidmətlərə olan tələbatını artırıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb: «Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub».

Z.İsayevin sözlərinə görə, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir: «Bu ilin 9 ayı ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik götsəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1 284 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 267 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 586,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 256,9 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 142,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir».

Z.İsayev onu da bildirib ki, bu dövrdə qeyd edilən səbəblərdən 368,3 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 87,9 tonu məhv edilib, 220,6 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 59,8 tonu ilə bağlı araşdırmalar aparılır. Bundan başqa, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 278 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 1 834,1 min manat məbləğində cərimə edilib.

Z.İsayev bildirib ki, Dövlət Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 4 adda 40 min ədəd, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9 500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.

Öz növbəsində Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Şirvan şəhər İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğunluğunu, istehlakçıların hüquqlarının qorunmasında sahibkarların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb, istehlak bazarındakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət orqanları, sahibkarlar və istehlakçıların birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzularında məruzələrlə çıxış edib.

Tədbirdə istehlakçı hüquqlarına dair müxtəlif broşurlar və yaddaş kitabçaları da paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR