Bank Of Baku

Azərbaycanda saxta elektrik kabel istehsalı faktı aşkarlanıb

Azərbaycanda saxta elektrik kabel istehsalı faktı aşkarlanıb
# 03 noyabr 2010 13:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı-Quba şosesində yerləşən “Kauçuk” MMC-yə məxsus istehsalat sahəsində apardığı yoxlama zamanı pozuntular aşkarlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, burda “Qranit” firmasının “Türksan kablo” əmtəə nişanından qanunsuz istifadə edilməklə elektrik kabel və naqillərinin istehsal olunduğu, eləcə də elektrik kabel və naqillərin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium boruların uyğunluq sertifikatının olmadığı müəyyən edilib.

Yoxlama zamanı həmçinin müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan bükmə materialları, kağız etiketlər və həmin materiallardan və etiketlərdən istifadə edilməklə qablaşdırılmış elektrik naqilləri aşkar olunub.

Pozuntularla əlaqədar olaraq “Kauçuk” MMC-yə elektrik kabel və naqillərinin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium borularının istehsalı və satışını dayandırmaq barədə göstərişi verilib. Bundan başqa, müəssisə anbarında aşkar tapılmış 27,1 min metr elektrik kabel və naqillərinin, 2,6 ton plastik qapı və pəncərə rezinlərinin, 1,3 min ədəd havaçəkən alüminium boruların satışını da dayandırmalıdır. Müəssisəyə “Türksan kablo” əmtəə nişanından qanunsuz istifadəni dayandırmaq, eyni zamanda naqillərin qablaşdırılmasında istifadə edilən 352 kq saxta bükmə materiallarının, habelə 3,8 min ədəd saxta kağız etiketin məhv edilməsi barədə də “Kauçuk” MMC-yə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR