Bank Of Baku

Özbəkistanda Azərbaycanın ilk Milli Sərgisi işə başlayıb - YENİLƏNİB

Özbəkistanda Azərbaycanın ilk Milli Sərgisi işə başlayıb - <font color=red>YENİLƏNİB</font>
# 05 noyabr 2010 07:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın ilk Milli Sərgisinin məhz Özbəkistanda keçirilməsi təsadüfi deyil. Belə ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr dinamik inkişaf edir: «Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələri əhatə edən bir sıra ikitərəfli sazişlər, əsasən də investisiyaların təşviqi və birgə qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması, 2011-2015-ci illəri əhatə edən iqtisadi əməkdaşlıq, azad ticarət, gömrük əməkdaşlığına dair imzalanmış sənədlər mövcuddur».

İki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etdiyini bildirən Ş.Mustafayev onu da qeyd edib ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 23%, o cümlədən ixrac 2,2 dəfə artıb: «Lakin iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin həcmi Azərbaycan və Özbəkistan arasında mövcud siyasi əlaqələrinə uyğun gəlmir. Belə ki, iki ölkə arasında iqtisadi əmədaşlığı və ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur».

Nazir onu da qeyd edib ki, hazırda tikintisi uğurla davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yaxın gələcəkdə yüklərin Mərkəzi Asiyadan Avropaya çatdırılması mümkün olacaq.

Azərbaycanın iqtisadi inkişafından danışan Ş.Mustafayev bildirib ki, 2004-2009-cu illər ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 2,8 dəfə, sənaye sahəsi 4,2 dəfə artıb, 30 mindən artıq yeni müəssisə və 840 min yeni iş yerləri açılıb: «Azərbaycanın müstəqillik əldə etdiyi gündən ölkə iqtisadiyyatına 90 mlrd. ABŞ dollarına yaxın vəsait yatırılıb ki, bunun da yarısını xarici investisiyalar təşkil edib. Əhalinin adambaşına düşən xarici investisiyalara görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yer tutur və artıq özü xarici ölkələrə investisiya yatırır».

Qlobal maliyyə böhranının Azərbaycana ciddi şəkildə təsir etmədiyini bildirən Ş.Mustafayev onu da qeyd edib ki, 2009-cu ildə ölkədə ÜDM-in artım tempi 9,3% təşkil edib: «Cari ilin ilk yarısında isə Azərbaycan iqtisadiyyatının Qafqaz regionunda payı 70%-i ötüb».

Nazirin sözlərinə görə, hazırda Azərbaycan 140 ölkə ilə iqtisadi-ticarət əlaqələri qurub və 2010-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 20,2 mlrd. dollar, o cümlədən ixrac 15,7 mlrd. dollar, idxal isə 4,5 mlrd. dollar təşkil edib: «Nəticədə, 11,2 mlrd. dollarlıq müsbət saldo yaranıb».
Ş.Mustafayev onu da vurğulayıb ki, 2009-cu ildə 2004-cü illə müqayisədə Azərbaycanda əhalinin real gəlirləri 2 dəfə, adambaşına düşən gəlirlər 85%, orta aylıq əmək haqqı 3 dəfə, minimal pensiya 3,8 dəfə, minimal əmək haqqı isə 6,3 dəfə artıb: «Son 5 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11%-ə düşüb».

Çıxışının sonunda nazir bildirib ki, Azərbaycanın Milli Sərgisinin Özbəkistanda keçirilməsi iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirəcək.

Tədbirdə çıxış edən Özbəkistanın baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eliyor Qəniyev qeyd edib ki, sözügedən sərgi iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə və dərinləşməsinə xidmət edəcək.

Qeyd edək ki, sərgi 4 550 kv. metr sahəni əhatə edir. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 170-ə yaxın müəssisə və təşkilatın nümayəndələri iştirak edir. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafı, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1 700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunur. Azərbaycan mənşəli məhsulların Mərkəzi Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində həmçinin, bir sıra mədəni tədbirlər keçiriləcək, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları paylanacaq.

Xatırladaq ki, Azərbaycanın Milli Sərgisi xarici ölkədə ilk dəfə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR