Bank Of Baku

Qubada «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» konfrans keçirilib

Qubada «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» konfrans keçirilib
# 11 noyabr 2010 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Qubada «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 350-yə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev qeyd edib ki, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir. Belə ki, cari ilin yanvar-okytabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, həmçinin keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1 292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.

Bu dövrdə qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə isə bağlı araşdırmalar aparılır.

«Bu ilin yanvar-oktyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 436 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 2 mln. manatdan artıq cərimə edilib», - deyə Z.İsayev qeyd edib.

Tədbirdə həmçinin bildirilib ki, Dövlət Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 4 adda 40 min ədəd, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9 500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Qeyd edək ki, konfransda həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzularında məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR