Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi yanvar-oktyabr aylarında 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi yanvar-oktyabr aylarında 9% artıb
# 20 noyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələrindən əhaliyə satılmış istehlak mallarının və göstərilmiş iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 8,6% üstələyərək 10 851,3 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pərakəndə əmtəə dövriyyəsinin real artımının 94,9%-i pərakəndə ticarət müəssisələri, 5,1%-i isə iaşə müəssisələrinin fəaliyyəti sayəsində təmin edilib.

Cari ilin 10 ayında ticarət və iaşə şəbəkəsindən hər bir ölkə sakini hər ay orta hesabla 121,1 manatlıq və ya 2009-cu ilin eyni dövründəkindən 14 manat və ya 13,1% çox müxtəlif istehlak malları alıb. Artımın 13,3 manatı (95%-i) ticarət müəssisələri üzrə olub.

Pərakəndə əmtəə dövriyyəsi üzrə ümumi artımın 99,8%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Bu müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 8,7% artaraq 10,8 mlrd. manat olub.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 322,3 mln. manatını (3%-ni) iaşə müəssisələrinin dövriyyəsi təşkil edib və onun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,7% artıb. Özəl iaşə müəssisələri üzrə dövriyyənin həcmi 17,1% artaraq 313,9 mln. manat olub.

İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 10,5 mlrd. manatlıq və ya 8,4% çox əmtəə satılıb.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 73,7%-i hüquqi şəxs statuslu ticarət müəssisələrinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların, 26,3%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Hesabat dövründə əhaliyə satılmış ərzaq mallarının həcmi 7,4% artaraq 7 017,5 mln. manat, qeyri-ərzaq mallarının həcmi 12,5% artaraq 3 833,8 mln. manat olub. Orta hesabla hər ay ticarət şəbəkəsindən hər bir ölkə sakininə 78,3 manatlıq ərzaq, 42,8 manatlıq qeyri-ərzaq malları satılıb və əvvəlki ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 8,9 manat (12,8%) və 5,1 manat (13,5%) üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR