Bank Of Baku

Xırdalanda «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib

Xırdalanda «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib
# 30 noyabr 2010 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Xırdalan şəhərində «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə dövlət qurumları, ictimai təşkilatların nümayəndələri, həmçinin Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 150-ə yaxın sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, hazırda ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olunub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Z.İsayev onu da bildirib ki, əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara və xidmətlərə olan tələbatını artırmış, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb: «Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub. Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir».

Z.İsayevin sözlərinə görə, bu ilin 10 ayı ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1 292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir: «Bu dövrdə qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə bağlı araşdırmalar aparılır».

Z.İsayev onu da qeyd edib ki, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 436 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2 mln. manatdan artıq cərimə edilib.

Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Abşeron rayon İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğunluğunu, istehlakçıların hüquqlarının qorunmasında sahibkarların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb, istehlak bazarındakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət orqanları, sahibkarlar və istehlakçıların birgə fəaliyyətinin əhəmiyyətini qeyd ediblər.

Konfransda həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzularında məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR