Bank Of Baku

Ucarda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Ucarda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 03 dekabr 2010 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə Ucarda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkarın iştirak etdiyi tədbirdə çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, SKMF 2010-cu ilin ötən dövründə 1 303 sahibkara 100,3 mln. manat güzəştli kredit verib: «Bu kreditlər hesabına 4 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i ölkənin regionlarının payına düşür».

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov çıxışında bildirib ki, məqsədli dövlət proqramlarının uğurlu icrası regionların iqtisadi mənzərəsini dəyişib, iqtisadiyyatın bütün sahələri inkişaf edib, əhalinin məşğulluq səviyyəsinin artırılmasına nail olunub.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov Mərkəzin fəaliyyəti barədə məlumat verib və qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri ölkədə sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, regionlarda işgüzar fəallığın daha da artırılmasıdır: «Biznes tədrisinin təkmilləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsi praktikasının tətbiqi və regionlarda müntəzəm olaraq keçirilən treninqlər özəl sektorun inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsidir».

Tədbirdə sahibkarlar üçün «Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması» mövzusunda treninq keçirilib və metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Ucar və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 400 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR