Bank Of Baku

Bakının ticarət şəbəkəsindən götürülmüş 1 552 kq süd məhsullarının məhv edilməsi barədə icrası məcburi göstəriş verilib

Bakının ticarət şəbəkəsindən götürülmüş 1 552 kq süd məhsullarının məhv edilməsi barədə icrası məcburi göstəriş verilib
# 20 dekabr 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında insan orqanizmi üçün 1,5 tondan artıq təhlükəli süd məhsulları aşkar edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən «Caspian Production Line» MMC-nin hazır məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi aparılıb.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilmiş pəhriz kəsmiyinin, dovğanın və ayranın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk), xamanın tərkibində isə S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) olduğu aşkar edilib.

Bundan başqa, pəhriz kəsmiyinin konsistensiyasının həmcins olmadığı və içərisində yağ hissəcikləri olduğu, dadının pəhriz kəsmiyinə xas olmayan yağ tamı verdiyi, etiketində yağlılığı 0,3% göstərildiyi halda, faktiki 42% təşkil etdiyi müəyyən olunub.

Laborator müayinələr nəticəsində həmçinin müəssisədə istehsal edilən qatığın, dovğanın və ayranın turşuluğunun normadan az olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar məhsul istehsalı və satışının təxirə salınmadan dayandırılması, həmçinin insan orqanizmi üçün təhlükəli olan 1 552 kq süd məhsullarının məhv edilməsi barədə «Caspian Production Line» MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR