Bank Of Baku

Sumqayıtda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Sumqayıtda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 24 dekabr 2010 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sumqayıtda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, 2010-cu ilin ötən dövrü ərzində 1 420 sahibkara 114,9 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması nəticəsində 5 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i regionlarının payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin inkişafına geniş imkanlar yaradır».

Ş.Abdullayev onu da bildirib ki, SKMF iqtisadiyyatın prioritet sahələrinin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu, müasir standartlara cavab verən, ixrac yönümlü və rəqabət qabiliyyətli istehsal və emal müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin qəbulunu 2011-ci ildə də davam etdirəcək.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən birinin sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulayıb, bu istiqamətdə Mərkəzin gördüyü işlər barədə məlumat verib. V.Baxışovun sözlərinə görə, Mərkəz sahibkarların maarifləndirilməsi, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, regionlarda işgüzar fəallığın artırılması məqsədilə 2010-cu il ərzində ölkənin müxtəlif rayonlarında 100-dən çox təlim kursu keçirib, bu tədbirlərdə 5 mindən çox sahibkar iştirak edib, maarifləndirmə tədbirləri 2011-ci ildə də davam etdiriləcək.

Tədbirdə həmçinin sahibkarlar üçün «Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması» mövzusunda treninq keçirilib.

Bundan başqa, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 13 sahibkarlıq subyektinə 744 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 40-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, növbəti analoji tədbir Xırdalanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR