Bank Of Baku

Sabirabadda sahibkarlığın inkişafına həsr olunmuş konfrans keçirilib

Sabirabadda sahibkarlığın inkişafına həsr olunmuş konfrans keçirilib
# 25 dekabr 2010 12:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dekabrın 25-də Sabirabadda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi: nailiyyətlər və prioritet istiqamətlər» mövzusunda elmi-praktiki konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumları, elmi-tədris müəssisələrinin nümayəndələri, eləcə də 120-yə yaxın sahibkar iştirak edib. Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədə həyata keçirilən dövlət proqramları, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayaraq, bu proqramların icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşlarının artdığını qeyd edib.

Tədbirdə kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqda da məlumat verilib. Bildirilib ki, dövlət proqramlarının icrası nəticəsində ötən 7 il ərzində ölkədə 900 minə yaxın yeni iş yeri açılıb, 35 mindən çox yeni müəssisə yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edərək, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR