Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərə Abşeronda yekun vurub

Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərə Abşeronda yekun vurub
# 28 dekabr 2010 13:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2010-cu ildə sonuncu tədbirini bu gün Abşeron rayonunda keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə Abşeron və ətraf rayonlarda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Xırdalanda “Zəhmət-Ruzi” MMC-nin inşa etdirdiyi tutumu 7 min ton olan müasir soyuducu anbar kompleksində və illik istehsal gücü 10 min ton ət və 7 min ton süd olan emal sahələrində aparılan tikinti işləri ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib. Qeyd olunub ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Abşeronda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev dövlət başçısının məqsədyönlü, çevik iqtisadi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunduğunu qeyd edib, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.

İİN-in Abşeron regional bölməsinin müdiri Ramal Əhmədov çıxışında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini bildirib, Dövlət Proqramı çərçivəsində Abşeron rayonunda görülmüş işlər və 2011-ci ildə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

İİN-in Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək bu istiqamətdə Mərkəzin gördüyü işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, 2010-cu il ərzində Mərkəz tərəfindən respublikanın müxtəlif rayonlarında keçirilmiş 100-dən çox təlim kursunda 5 mindən çox sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, 2010-cu ildə SKMF Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 11 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat, ümumilikdə 1430 sahibkara 115 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5600 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8%-i regionların payına düşür.

Tədbirdə “Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması” mövzusunda treninq keçirilmiş, sahibkarlara metodiki materiallar paylanıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Abşeron və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 143 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 30-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR