Bank Of Baku

Azərbaycanlı menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər

Azərbaycanlı menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər
# 03 fevral 2011 12:49 (UTC +04:00)
Bakı - APA-Economics. Fevralın 3-də İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”na həsr edilmiş tədbir keçirilib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə nazirliyin, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, eləcə də sahibkarlar, menecerlər və treninqlərin keçirilməsi üçün cəlb edilmiş trenerlər iştirak edib.

Tədbirdə çıxış edən İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində Almaniyada təşkil edilmiş ixtisasartırma kursunun əhəmiyyəti barədə məlumat verib, bu Proqramın gələcəkdə də davam etdirilməsinin azərbaycanlı iş adamlarının menecment sahəsində Almaniyanın qabaqcıl şirkətlərində beynəlxalq təcrübəyə yiyələnməsi, işgüzar əlaqələrin genişlənməsi, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın “GİZ” təşkilatının beynəlxalq eksperti Vladislav Belov çıxışlarında “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” və ixtisasartırma kursunun uğurlu nəticəsi barədə məlumat veriblər. Bildirilib ki, 16 gənc menecer 2009-cu ilin oktyabr-noyabr aylarında Almaniyanın “Baden Vürttenberq” Tədris Mərkəzində, 20 nəfər gənc menecer isə 2010-cu ilin iyun-iyul aylarında Almaniyanın “Karl Duysberq” Tədris Mərkəzində tədris, Berlin və Bonn şəhərlərində isə təcrübə keçib. Bakı Biznes Tədris Mərkəzi bu sahədə zəruri peşəkarlığa və xarici dil qabiliyyətinə malik namizədlərin seçilməsi işini təşkil etmiş, uyğun gələn namizədlərin və regionlar üzrə özəl sektor nümayəndələrinin proqramda iştirakını təmin edib. Proqram iştirakçılarına təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri isə Almaniya tərəfindən ödənilib. Kurs müddətində menecerlər Almaniyada ixtisaslaşdırılmış məşğələ və praktiki treninqlərlə müşayiət olunan müxtəlif məzmunlu təcrübələr keçmək məqsədilə müəssisələrə səfərlər ediblər.

Aqrar sahədə fəaliyyət göstərən 5 sahibkarlıq subyektinin menecerləri isə 2011-ci ilin fevral-mart aylarında Almaniyanın Kil şəhərində yerləşən “Şlezviq-Qolşteyn İqtisadiyyat Akademiyası” Tədris Mərkəzində və müvafiq müəssisələrdə tədris və təcrübə keçəcəklər.

Tədbirdə həmçinin Proqram barədə təqdimatlar keçirilib, “GİZ” təşkilatının fəaliyyəti barədə materiallar paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, fevralın 1-də İİN-in, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətin dəstəyi, “GİZ” təşkilatının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 70-dən çox sahibkarın iştirakı ilə Sumqayıt şəhərində də analoji tədbir keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR