Bank Of Baku

Azərbaycanda təhsil və konsaltinq biznesi populyarlaşır

Azərbaycanda təhsil və konsaltinq biznesi populyarlaşır
# 09 mart 2011 08:16 (UTC +04:00)
Ölkədə təhsilə və hüquq-konsaltinq şirkətlərinə tələbatın böyüməsi nəticəsində bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı artır. Belə ki, 2011-ci ilin fevral ayında Azərbaycanda 380 hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsindən məlumat verilib.

Nazirliyin məlumatından aydın olur ki, ötən ay yaradılan hüquqi şəxslər müxtəlif – təhsil, hüquq-konsaltinq, xidmətlər, kənd təsərrüfatı, maliyyə, mətbuat sahələrində fəaliyyət göstərir. Şirkətlərin tərkibi son vaxtlar təhsil və hüquq-konsaltinq xidmətlərinə marağın sürətlə artdığını göstərir – fevralda təhsil sektorunda azı 11, hüquq-konsaltinq sahəsində isə 18 hüquqi şəxs qeydiyyatdan keçib.

Yeni təhsil şirkətləri əsasən xaricdə təhsil, orta təhsil və kursların təşkili istiqamətlidir. Belə ki, ötən ay «Xəzər» və «Qərb» universitetlərinin nəzdində orta məktəblər, «Odlar Yurdu» Universitetinin kursları, xaricdə təhsillə bağlı məsləhət verən 2 şirkət, kollec, özəl uşaq bağçası və bir neçə təhsil mərkəzləri qeydə alınıb. Yeri gəlmişkən, Azərbaycanda təhsil xidmətlərinə xaricilər də maraq göstərir - bəzi təhsil müəssisələri xarici hüquqi və fiziki şəxslər tərəfindən təsis edilib.

Yeni təsis olunan hüquq-konsaltinq şirkətlərinin sayının sürətlə artması isə yeni yaradılan şirkətlər üçün ad tapmağı çətinləşdirib – fevralda qeydiyyatdan keçən şirkətlərin adları («TT Konsaltinq», «C.İ. Hüquq», «Advokat-İ» və s.) belə deməyə əsas verir. Xaricilər bu sahədə də aktivdir – bəzi hüquq və konsaltinq şirkətləri xarici hüquqi və fiziki şəxslər (o cümlədən, Gürcüstan və İran) tərəfindən təsis edilib.

Fevralda Azərbaycanda yaradılan yeni xidmət şirkətləri arasında ən populyar istiqamət tibb, turizm, dizayn, mühafizə, təmir-tikinti və təmizlik xidmətləri olub.

Nazirliyin məlumatına görə, qeydiyyatdan keçən şirkətlərin 50-sinin (13,1%) təsisçisi xarici hüquqi və fiziki şəxslər olub. Ən çox xarici şirkət İran və Türkiyə hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilib. Xarici şirkətlərin əksəriyyəti sənaye, mühəndislik, texnologiya sektoru yönümlüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR