Bank Of Baku

Gəncədə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Gəncədə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 13 may 2011 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Gəncədə tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib ki, tədbir zamanı sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilib.

Tədbirdə çıxış edən İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd edib, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu diqqətə çatdırıb.

Öz növbəsində nazirliyin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Gəncədə görülmüş və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

SKMF-ın icraçı direktoru Şirzad Abdullayev isə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, 2011-ci ilin ötən dövrü ərzində SKMF-dan müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin 544 investisiya layihəsinin maliyyələşdirilməsinə 40,3 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 30 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 6 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins heyvandarlıq kompleksinin, 3 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 4 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması və turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 33,9 mln. manat və 514 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 6,4 mln. manat güzəştli kredit verib.

Tədbir zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manata yaxın güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə həmçinin şəhərin yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Gəncədə sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR