Bank Of Baku

Bakıda daha iki dondurma istehsalçısında qanun pozuntuları aşkarlanıb

Bakıda daha iki dondurma istehsalçısında qanun pozuntuları aşkarlanıb
# 17 avqust 2011 15:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında daha iki dondurma istehsalçısına maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 93 ünvanında «Qranit» firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların laborator müayinədən keçirilmədən satılması, «Elegant», «Karnaval», «Bosman», «Ailəvi» dondurmalarının etiketlərində məhsulun qida və enerji dəyərinin, «Ailəvi» dondurmasının etiketində isə yağlılığın resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda «Ailəvi» dondurmasının etiketində məhsulun tərkibində təbii südün olmasının, «Elegant», «Karnaval», «Bosman», «Ailəvi» dondurmalarının tərkibində isə resepturalarında nəzərdə tutulmayan hidrokarbonatların olmasının göstərilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və «Haqsız rəqabət haqqında» qanununun tələblərini pozduğuna görə «Qranit» firmasına 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Xəzər küçəsi, ev 3 ünvanında fiziki şəxs Tahir Qasımova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların etiketində enerji dəyərinin resepturada müəyyən edilmiş həddən fərqli və tərkibində resepturada nəzərdə tutulmayan xammallar olduğunun göstərilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və «Haqsız rəqabət haqqında» qanununun tələblərini pozduğuna görə sahibkar T.Qasımova 637 manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR