Bank Of Baku

Ötən il Azərbaycanda 168 ton keyfiyyətsiz ərzaq malları məhv edilib

Ötən il Azərbaycanda 168 ton keyfiyyətsiz ərzaq malları məhv edilib
# 07 yanvar 2012 10:16 (UTC +04:00)
Bakı – APA-Economics. Ötən il ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilib.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilib.

Ötən il ərzində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul edilib və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1485 qərar qəbul edilib və ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 konfrans keçirilib, 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Gənclərin istehlakçı hüquqlarının müdafiəsi sahəsində maarifləndirilməsi məqsədilə ötən ildə 8 ali məktəbdə «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda seminarlar keçirilib.

Gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarına, həmçinin xidmət sahələrinə dair 67 adda mal və xidmət üzrə 200-ə yaxın maarifləndirici məlumat, 2 sosial reklam çarxı KİV vasitəsilə yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR