Bank Of Baku

İsmayıllıda 32 sahibkara 406 min manat güzəştli kredit verilib

İsmayıllıda 32 sahibkara 406 min manat güzəştli kredit verilib
# 17 fevral 2012 10:19 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün İsmayıllı rayonunun Cülyan kəndində keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.

Tədbirdən əvvəl SKMF-in vəsaitləri hesabına maliyyələşdirilən “Eviar” MMC-nin müasir çörək istehsalı müəssisəsində aparılan son tamamlama işlərinə baxış keçirilib. Tədbir çərçivəsində İsmayıllı rayonunda, o cümlədən tədbirin keçirildiyi Cülyan kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta əraziyə malik intensiv alma bağlarının salınması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, tutumu 500 ton olan müasir soyuducu anbar kompleksinin, 500 başlıq südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının yaradılması və kiçik əraziyə malik intensiv alma bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanılıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev, İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov tədbirdə çıxış edib. Şirzad Abdullayev qeyd edib ki, SKMF tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 241 investisiya layihəsinin maliyyələşdirilməsinə 30,7 mln. manat, o cümlədən respublikanın regionları üzrə 217 investisiya layihəsinin maliyyələşdirilməsinə 26 mln. manat və Bakı qəsəbələri üzrə 24 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,7 mln. manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 950-dək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.

Qeyd edilib ki, Azərbaycan prezidentinin 15 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində SKMF tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb, bu il artıq 3 investisiya layihəsi maliyyələşdirilib. Sonra Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR