Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 fevral 2012 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə Azərbaycan və Qazaxıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, energetika, sənaye, daşınmaz əmlak, tikinti, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən yüzə yaxın iş adamı iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, hazırda Azərbaycan dünyanın 145 ölkəsi ilə ticari-iqtisadi-ticarət əməkdaşlığa malikdir: “Qazaxıstan Azərbaycanın iqtisadi partnyorları arasında əsas yerlərdən birini tutur. İki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün müvafiq hüquqi baza mövcuddur. Ümid edirəm ki, bu biznes-forum iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə təkan verəcək”.

Qazaxıstanın Aktyubinsk vilayətinin qubernatoru Arximed Muxambetov ölkəsinin Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Vilayətin investisiya potensialı barədə məlumat verən qubernator deyib ki, ərazisinə görə Qazaxıstanın ikinci vilayəti olan Aktyubinskdə son 5 ildə sənaye sahəsi 2,5 dəfə artaraq 8,3 mlrd. dollara çatıb.

A.Muxambetovun sözlərinə görə, Qazaxıstandan Azərbaycana buğda və arpa, Azərbaycandan Qazaxıstana isə şəkər qamışı və su nasosları ixrac olunur: “İki ölkə arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək üçün böyük potensial var”.

Tədbirdə “Azpromo”nun rəhbəri Adil Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun həyata keçirdiyi layihələr, Aktyubinsk vilayəti qubernatorunun müavini Roza Kemalova isə ölkəsinin investisiya imkanlarına dair təqdimatlarla çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan və Aktyubinsk vilayətinin Ticarət və Sənaye palataları arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və perspektivlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR