Bank Of Baku

Dubay nümayəndə heyəti Qəbələdə olub

Dubay nümayəndə heyəti Qəbələdə olub
# 23 aprel 2012 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dubay əmiri administrasiyasının rəhbəri, Dubay İnvestisiya Korporasiyasının baş icraçı direktoru, Dubay Bankının sədri, Dubay İslam Bankının İdarə Heyətinin sədri Məhəmməd əl Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunda bir sıra müəssisələrin fəaliyyəti, bölgənin turizm imkanları ilə tanış olub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Qəbələ Konserv Zavodunda qonaqlara məlumat verilib ki, müəssisədə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Zavodda müxtəlif növ meyvə püreləri, şirələr, turşular, mürəbbələr, cemlər, konsentratlar istehsal edilir. Müəssisənin məhsulları dünyanın 35-dən çox ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir.

Qəbələ Piano Fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafına böyük diqqət göstərildiyi bildirilib, ölkədə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri yaradıldığı və Qəbələ Piano Fabriki də məhz belə müəssisələrdən biri olduğu diqqətə çatdırılıb. Regionda analoqu olmayan və beynəlxalq standartlara tam cavab verən fabrikdə dünyada məşhur olan «Beltmann» markalı pianolar istehsal edilir. Fabrikdə ildə 1 000 ədəd piano istehsal edilir və fabrikin yüksək keyfiyyətli piano və royallarına böyük tələbat var.

Dubay nümayəndə heyəti həmçinin Qəbələdə beşulduzlu hotellər sistemi - «Qafqaz Riverside», «Qafqaz Resort», «Qafqaz Sport» hotelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olub, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib.

Dubay nümayəndə heyətinin üzvləri Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu vurğulayıb, Azərbaycandakı dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasından məmnunluğunu ifadə ediblər.

M. əl Şaybani Azərbaycanda bütün sahələrin, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etdiyini qeyd edib, yaradılmış müəssisələrin rəqabətə davamlı və müasir texnologiyalar əsasında qurulduğunu, ölkənin geniş turizm imkanlarının olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR