Bank Of Baku

Azərbaycanda icazələrin elektron informasiya portalına daxil olanların sayı artır

Azərbaycanda icazələrin elektron informasiya portalına daxil olanların sayı artır
# 30 may 2012 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən yaradılmış icazələrin elektron informasiya portalını internet istifadəçiləri maraqla izləyir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin oktyabr ayında dövlət başçısının «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, İİN-ə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılıb və tapşırığa uyğun olaraq, İKT sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə www.icazeler.gov.az portalı yaradılıb.

«Hazırda icazələrin elektron informasiya portalı internet istifadəçiləri tərəfindən maraqla izlənilir. Belə ki, təkcə 2012-ci ilin aprel ayında 130-a yaxını ABŞ, Böyük Britaniya, Fransa, Avstriya, Rusiya kimi xarici ölkələrdən olmaqla 5 mindən çox internet istifadəçisi portalın xidmətlərindən istifadə edib», - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir. Portalda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrinin yerləşdirildiyi xüsusi bölmə yaradılıb. Bu bölmə sahibkarların məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, qanunvericilik aktlarının hazırlanması prosesində sahibkarların yaxından iştirakına şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR