Bank Of Baku

Balakəndə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib

Balakəndə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib
# 18 sentyabr 2012 09:30 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndiyini qeyd edib. Bildirilib ki, iqtisadiyyatın digər sahələri kimi, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunur, iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir. Diqqətə çatdırılıb ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.

Tədbirdə qeyd olunub ki, Azərbaycan prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb.

Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumilikdə nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.

Qeyd olunub ki, artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşı Yunus Əbdülkərimov və İstehlak Mallarının Ekspertizası Bürosunun direktoru Vüqar Əhmədov elektron xidmətlərin tətbiqinin sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına xidmət etdiyini vurğulayıb, elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR