Bank Of Baku

Azərbaycan fındıq və meyvə qurusunun ixrac imkanlarını araşdırır

Azərbaycan fındıq və meyvə qurusunun ixrac imkanlarını araşdırır
# 17 oktyabr 2012 09:59 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə fındıq və meyvə qurusunun Avropa bazarına çıxarılması imkanlarına dair tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, fındıq və meyvə qurusu istehsalı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanın fındıq istehsalının həcminə görə dünya miqyasında Türkiyə və İtaliyadan sonra 3-cü olduğunu vurğulayıb, fındıq ixracının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara sistemli dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse prezidenti Vidadi Quliyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə rəhbəri Mark Bekmann və İstehlak Mallarının Ekspertizası Bürosunun nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə həmçinin Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlı olan Almaniyanın “Schlüter&Maack” şirkətinin həmtəsisçisi Can Blase tərəfindən təqdimatlar keçirilib, Avropa bazarlarına, o cümlədən Almaniya bazarına məhsulun ixracı üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabət qabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib.

Sonda İİN-in nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıblar. Tədbir iştirakçıları daha sonra “BakFem” MMC-də istehsal prosesi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR