Bank Of Baku

Bakının Nizami rayonunda sahibkarlara 11 mln. manatlıq kredit vəsaiti verilib

Bakının Nizami rayonunda sahibkarlara 11 mln. manatlıq kredit vəsaiti verilib
# 02 noyabr 2012 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Nizami rayonunun Keşlə qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbirdə 150-ə yaxın sahibkar iştirak edib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Nazirliyin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində Bakı və onun qəsəbələrində görülən işlər barədə məlumat veriblər.
Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib və qeyd edib ki, bu ilin ötən dövrü ərzində SKMF-in vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 128 investisiya layihəsinin maliyyələşdirilməsinə 195,8 mln. manat güzəştli kredit verilib. Bu vəsaitlər hesabına 8 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ş.Abdullayev onu da qeyd edib ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasına başlanandan ötən dövr ərzində SKMF-in vəsaitləri hesabına Bakı və onun qəsəbələri üzrə 375 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 38 layihənin maliyyələşdirilməsinə 68,9 mln. manat güzəştli kredit verilib: «Bu layihələrdən 18-i başa çatdırılıb, o cümlədən 5 istixana, 5 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı və 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib».
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkarlıq subyektinə 10,9 mln. manatdan çox güzəştli kreditlər verilib. Bu kreditlər istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının, polipropilen kisələrin istehsalı, mebel istehsalı, çörək istehsalı, quşçuluq, heyvandarlıq, tərəvəzçilik və digər sahələrə yönəldiləcək. Sözügedən kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılmasına 450-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR