Bank Of Baku

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
# 05 noyabr 2012 08:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatının inkişafından danışıb və qeyd edib ki, hazırda Azərbaycanın xarici dövlət borcu ÜDM-in 7%-ni təşkil edir, strateji valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir, bu günədək ölkə iqtisadiyyatına 130 mlrd. dollar həcmində investisiya yatırılıb. İki ölkə arasında mövcud əlaqələrdən danışan N.Səfərov qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında bu, cari ildə keçirilən sayca ikinci biznes forumdur ki, analoji tədbirlər əlaqələrin bir qədər də inkişaf etdirilməsinə təkan verir: «Ötən il ərzində Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi 446,3 mln. dollardan çox olub ki, ticarət dövriyyəsi 2010-cu ilə nisbətən 2,9 dəfə, o cümlədən idxal 2 dəfə, ixrac 3 dəfədən çox artıb. Cari ilin ilk 8 ayında da ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunub».

Nazir müavini həmçinin bildirib ki, hazırda Azərbaycanda Bolqarıstan kapitallı 10 şirkət fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Bolqarıstanın regionların inkişafı və ictimai işlər naziri xanım Liliyana Pavlova ölkəsinin inkişafından danışıb və bildirib ki, Avropa Birliyi ölkələrində ÜDM-in artım tempinin sıfır səviyyədə olması fonunda Bolqarıstanda iqtisadi artım 0,5% təşkil edib: «Hazırda biznes forumda Bolqarıstanın 12 şirkəti iştirak edir ki, bunların da əsas hissəsi tikinti sahəsini təmsil edir. Bolqarıstan bu sahədə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır».

Tədbir zamanı Azərbaycandakı investisiya mühiti və biznes imkanları, «Bakı Ağ Şəhər» layihəsi və Bolqarıstanın tikinti sənayesi haqqında təqdimatlar keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Forum çərçivəsində Azərbaycanın «Azvirt», Bolqarıstanın «Trace Group» və «Dynamic Resource» tikinti şirkətləri, həmçinin Azərbaycanın «Caspian Service», Bolqarıstanın «Dynamic Group» və «Biad Company» tikinti şirkətləri arasında üçtərəfli anlaşma memorandumları imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR