Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 47,5 min başlıq, illik istehsal gücü 142,7 min ton süd və 5,9 min ton ət olan 26 cins heyvandarlıq kompleksinin yaradılmasına 110,7 mln. manat kredit verilib.
Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfransda çıxış edərkən deyib.
Nazir müavini həmçinin bildirib ki, Fond tərəfindən ildə 230 min ton süd emal etmək gücündə olan 12 emal müəssisəsinə 25 mln. manat güzəştli kredit verilib. Bundan başqa, ət kəsimi və emalı üzrə 10 müəssisəyə 14,9 mln. manat, arıçılığın inkişafına 5,1 mln. manat güzəştli kredit ayrılıb.
S. Məmmədov aqrar sahəyə daha çox sərmayə cəlb edilməsində, investor marağının artırılmasında əhəmiyyətli mexanizm olan investisiya təşviqinin tətbiqini vurğulayıb və məlumat verib ki, indiyədək Nazirlik tərəfindən investisiya dəyəri 71 mln. manat olan 10 cins heyvandarlıq, 3,8 mln. manat olan 2 ət emalı və 3,8 mln. manat olan 3 süd emalı layihələri üzrə investisiya təşviq sənədləri verilib.
Hazırda respublikanın 33 rayonu üzrə 257 min hektar ərazidə ümumi dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 162 mln. manat güzəştli kredit ayrılıb, 20 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 645 mln. manat olan 37 layihəyə investisiya təşviqi sənədi verilib.