Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ilk dəfə olaraq sərmayə kataloqu yaradılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat nazirinin müavini Gennadi Arveladze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, kataloqda "Şərq Tərəfdaşlığı"na daxil olan 6 ölkə – Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ermənistanın sərmayə imkanları yer alır və bu, Avropa İttifaqından olan müxtəlif investorlara təqdim ediləcək.
Nazir müavini bildirib ki, iyulun 11-də Batumidə "Şərq Tərəfdaşlığı" proqramının 10-illiyi münasibəti ilə keçiriləcək Beynəlxalq İnvestisiya Konfransında müxtəlif investisiya agentliklərindən ali nümayəndələri, biznesmenlər, beynəlxalq şirkətlərin, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Sərmayə Bankı kimi maliyyə institutlarının təmsilçiləri iştirak edəcək.