Bu ilin oktyabrın 14-15-də Özbəkistanın Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə keçiriləcək biznes forumda 200-dək Azərbaycan şirkətləri iştirak edəcək.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, Özbəkistandan 30-a yaxın, Türkiyədən isə 130 sahibkarın bu forumda iştirak edəcəyinə dair təsdiq var.
"Bildiyimiz kimi, TDƏŞ-in çox geniş konqresi keçiriləcək və görüşlər çərçivəsində çoxtərəfli biznes forum təşkil olunacaq. Biznes forumda həm Şuraya üzv olan ölkələr, həm də Macarıstandan sahibkarların iştirakı nəzərdə tutulur. Forumda təxminən 600-ə yaxın sahibkarın iştirak edəcəyi gözlənilir", - deyə Y. Abdullayev qeyd edib.