"Yanvarın 1-dən qüvvəyə minən Vergilər Məcəlləsinə dəyişikliklərə əsasən, sahibkarların fəaliyyətində ilk dəfə nöqsan aşkarlandıqda cəza sanksiyaları tətbiq edilmir. Bu da sahibkarlığın inkişafına ciddi təkan verəcək".
APA-nın məlumatına görə, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.
S. Ələkbərov deyib ki, həmin sahibkarlara ilk dəfə yalnız yazılı surətdə xəbərdarlıq edilir: "Bu sahibkarlara yazılı xəbərdarlıq edilməyibsə, hər hansı sanksiya tətbiq edilə bilməz. Bu, ciddi bir güzəştdir. Cari ildə elektron qaimə-fakturanın tətbiqində də ciddi dönüş yaranıb. Bu, iqtisadiyyatın şəffaflaşması üçün ciddi amildir. İstehsal və topdansatış ticarət sahəsində elektron qaimələrdən istifadə 80%-i keçib. Bu, yaxşı nəticədir. Amma təəssüflər olsun ki, kiçik sahibkarlıq sahəsində bu istiqamətdə ciddi problemlər var. Bəzilərinin sənədləşmədən qaçması, əvvəlki kimi bulanıq suda balıq tutması kimi pis vərdişlərə sadiq qalması həm dövlətin, həm də qanunla işləyən sahibkarların ziyanına olan bir məsələdir”.