Bu ilin əvvəlindən Azərbaycanda vergi sahəsində aparılan islahatlar öz nəticələrini verməyə başlayıb. Cari ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 9,4% artaraq 2 609,5 mln. manat olub, vergi proqnozu 111,7% səviyyəsində icra edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən III Milli Mühasiblər Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar 18,3% artaraq 1 751 mln. manat təşkil edib, proqnoz 116% icra olunub. Daxilolmanın artım tempi qeyri-neft sektorunda ÜDM-in nominal artım tempini (8%) 2,3 dəfə üstələyib.
“Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 62%-dən cari ilin 4 ayında 67,1%-ə yüksəlib. Qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 22,3% artaraq 1.378.1 mln. manat təşkil edib, bunun sektor üzrə daxilolmada xüsusi çəkisi 76,2 faizdən 78,7% qalxıb”, - deyə X. Abdullayev qeyd edib.
X. Abdullayev onu da bildirib ki, cari ilin 4 ayında ƏDV, aksiz və mənfəət vergisi üzrə daxilolmalarda da artım müşahidə edilib. ƏDV üzrə artım 13,2%, o cümlədən qeyri-neft sektorunda 22,6% təşkil edib. ƏDV-yə cəlb olunan dövriyyələrin artımı həm vergi sistemindəki islahatlar, həm şəffaflaşma prosesi, həm də ümumi iqtisadi artımla bağlıdır. Aksizlər üzrə artım 32,3%, o cümlədən qeyri-neft sektorunda 4,2 dəfə çox təşkil edib. Mənfəət vergisi üzrə 12,2%, o cümlədən qeyri-neft sektorunda 38,8% artım qeydə alınıb.
Vergilər nazirinin müşaviri onu da diqqətə çatdırıb ki, qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51,5%) və ticarətdə (25,1%) olub. İctimai iaşənin dövriyyəsi 19,8%, topdansatış ticarət dövriyyəsi 16,7%, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 24,8% artıb. Pərakəndə ticarətin dövriyyəsi isə daha yüksək templə - 37,5%, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 38,7% yüksəlib.
Tədbir zamanı X. Abdullayev əmək bazarında da əhəmiyyətli şəffaflaşma proseslərinin müşahidə olunduğunu bildirib. O qeyd edib ki, 2019-cu ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 8,1% və ya 114.4 min nəfər, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 19,6% və ya 97.6 min nəfər artıb. Beləliklə, muzdlu işçilərin ümumi sayının artımının 85,3% qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb.